KRAN GƏMİLƏRİ NÖVBƏDƏNKƏNAR TƏMİR EDİLİR
AZƏRTAC xəbər verir ki, Xəzər Dəniz Neft Donanmasının nəzdindəki Gəmi Təmiri Zavodunda kran gəmiləri növbədənkənar və sürətli rejimdə təmir edilir.
Bu günlərdə dəniz sınaqlarından sonra 100 tonluq “Şirvan-3” kranı əsaslı təmirdən çıxmış və böyük həcmdə işlərin həyata keçirildiyi “Günəşli” yatağına göndərilmişdir. “Şirvan” kran gəmisinin də əsaslı təmiri başa çatmaq üzrədir. Sınaq əməliyyatlarından sonra gəmi “Neftqaztikinti” Trestində, “Neft Daşları” və “28 May” NQÇİ-lərdə, eləcə də “Bahar” yatağındakı iri dəniz obyektlərinin inşasında iştirak edəcəkdir. Ümumilikdə isə ilin əvvəlindən 5 kran gəmisi təmir edilmişdir. Hazırda göyərtəsində bir neçə bucurqad və kran olan “Süleyman Vəzirov” borudüzən gəmisi, hər reysində “Neft Daşları” və Çilov adasına 1.300 ton içməli su daşıyan “İsmət Qayıbov” tankeri, 40 tonluq “Atlet-5” kranı təmirdədir. Bundan başqa, 100 tonluq “Gülbala Əliyev” və “Mixail Kaveroçkin” kranlarının da təmirə dayandırılması planlaşdırılır.
Gəmi Təmiri Zavodu öz texniki təchizatına, işçi və mühəndis-texniki personalının peşəkarlıq səviyyəsinə görə ən müasir beynəlxalq standartlara cavab verir. Müəssisənin iki beynəlxalq sertifikata - İSO 9001 (keyfiyyət üzrə) və İSO 14001 (ekologiya üzrə) sertifikatlarına layiq görülməsi də bunu təsdiq edir. Zavod iri gəmilərin təmiri üçün 3 üzən doka malikdir ki, bunlardan biri (15 min tonluğu) Xəzər hövzəsində ən böyüyü hesab edilir. Bu yaxınlarda Zavodda “LUKoil” Şirkətinə məxsus “Astra” üzən qazma qurğusu təmir edilmiş, eləcə də “Süleyman Vəzirov” borudüzən gəmisinin tərsanə təmiri həyata keçirilmişdir. 5 aylıq planı 108 faiz yerinə yetirmiş zavodda 9 gəmi təmir edilmiş, 9-na isə tərsanə xidməti göstərilmişdir. Bundan əlavə, “Vixr-11” yanğınsöndürən gəmisinin və “Oqtay Vəliyev” təchizat gəmisinin təmiri həyata keçirilmişdir. Hazırda 40 tonluq “İslam Kərimov” kran gəmisinin tərsanə təmiri həyata keçirilir.