Kulinarlarımız Moldovada keçirilən Beynəlxalq kulinariya müsabiqəsində uğurla çıxış etmişlər
Bakı, 15 noyabr (AZƏRTAC). Moldovanın Kişinyov şəhərində keçirilən beynəlxalq kulinariya müsabiqəsində Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) üzvləri uğurla çıxış etmişlər.
AZƏRTAC xəbər verir ki, komandamızın qazandığı uğurlar barədə noyabrın 15-də Trend Xəbərlər Şirkətinin mətbuat mərkəzində təşkil edilmiş mətbuat konfransında geniş məlumat verilmişdir.
AMKA-nın prezidenti, müsabiqənin münsiflər heyətində təmsil olunan Tahir Əmiraslanov bildirmişdir ki, yarışmaya ümumilikdə 10 ölkəni təmsil edən kulinarlar qatılmışdılar. Müsabiqədə Azərbaycan kulinarları yüksək peşəkarlıq nümayiş etdirmişlər. Belə ki, 3 yarışmada, 13 sinifdə mübarizə aparan kulinarlarımız Anar Qasımov, Namiq Kazımov, Behman Ələkbərli və Tərlan Abdullayev ölkəmizə 2 qızıl, 5 gümüş, 4 bürünc medal qazandırmışlar.
Yarışmalarda Azərbaycanın “Azərsun Holdinq” şirkətinin istehsal etdiyi “Super Sun” və zeytun yağlarından, “Royal” qarğıdalı yağından və “Bizim mətbəx” mayonezindən istifadə olunmuşdur.