Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması davam edir
Bakı, 4 noyabr (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə həyata keçirdiyi “Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması” layihəsinin icrası uğurla davam etdirilir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən əsrin 50-ci illərində Kürdəxanı qəsəbəsində su təchizatı sistemləri yaradılsa da mövcud infrastruktur uzun illər istismar olunduğundan və qəsəbəni tam əhatə etmədiyindən tələbata cavab vermirdi. Mərkəzləşmiş su təchizatı olan yerlərdə sakinlər gündə bir neçə saatlıq qrafik əsasında içməli su ilə təmin olunur. Su şəbəkəsi olmayan ərazilərdə əhali quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır. Qəsəbənin yalnız kiçik bir hissəsində kanalizasiya şəbəkəsi mövcuddur.
İcrasına cari ilin mayında başlanmış yeni layihə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 30 minə yaxın insanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanmışdır.
Koreya hökumətinin ayırdığı 26 milyon dollar qrant hesabına həyata keçirilən layihəyə əsasən, Kürdəxanı qəsəbəsində müxtəlif diametrli polietilen borularla 90 kilometrə yaxın içməli su xətti çəkiləcək, 3 min 600-dən çox ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaqdır. Bundan başqa qəsəbədə 417 yanğın hidrantının quraşdırılması nəzərdə tutulmuşdur.
Layihənin icrasına başlanandan ötən dövr ərzində qəsəbədaxili su şəbəkəsinin 19 kilometrlik hissəsi çəkilmiş, 400-dək ünvana birləşmə verilmişdir. Layihə üzrə işlərin 2014-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulmuşdur.
İlkin mərhələdə qəsəbəyə içməli su mövcud Ceyranbatan-Maştağa magistral xəttindən veriləcəkdir. Gələcəkdə qəsəbə yaxınlığında hər birinin tutumu 4 min kubmetr olan 2 ədəd su anbarı tikiləcək və bu anbarlar Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı kəmərindən qidalanacaqdır.
Layihə çərçivəsində 3,8 kilometr kanalizasiya kollektorunun və 1,4 kilometr mikrotunelin inşası da nəzərdə tutulmuşdur.
Bundan başqa, Azərbaycan hökumətinin vəsaiti hesabına qəsəbə ərazisində 77,3 kilometr kanalizasiya şəbəkəsi yaradılacaqdır. Toplanacaq tullantı suları gələcəkdə Pirşağı qəsəbəsi yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək kənarlaşdırılacaqdır.