LATVİYA PREZİDENTİ DTK AGENTLƏRİ SİYAHILARININ DƏRC EDİLMƏSİNƏ İCAZƏ VERMƏDİ
Latviya rəhbərinin fikrincə, Seym “keçmiş DTK agentləri siyahılarının dərc edilməsinin zəruri tədbir olub-olmadığı barədə bir daha yaxşıca düşünməlidir”.
Mayın əvvəllərində Latviya Seymi respublika DTK-sında saxlanılan uçot vərəqələrindəki məlumatları – agentlərin adlarını, atalarının adlarını və soyadlarını, doğum tarixlərini, cəlb olunduğu vaxtı və iş yerlərini açıqlamaq haqqında qərar qəbul etmişdir. Nəzərdə tutulurdu ki, “ÇK (fövqəladə komissiya) torbaları” adlandırılan bu məlumatlar noyabrın 1-də Seymə seçkilərdən sonra “Latviyski vestnik” qəzetində dərc olunacaqdır. Latviya qanunlarına görə, keçmiş DTK agentlərinin seçkilərdə iştirak etmək hüququ yoxdur.
Vike-Freyberqa bu məlumatların dərcinə artıq ikinci dəfədir qadağa qoyur. 2004-cü il mayın 19-da Seym DTK ilə gizli əməkdaşlıq etmiş şəxslərin siyahılarını açıqlamaq haqqında qərar çıxarmışdı. Parlamentin qərarına görə, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sənəd və məlumatlarından məhdudiyyətsiz istifadə edilə bilər.
Lakin Prezident Vayra Vike-Freyberqa onda da “ÇK torbaları”nın açılması haqqında qanun layihəsini parlamentə yenidən baxılmağa göndərmişdi.