LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ BƏRPA İŞLƏRİ DAVAM ETDİRİLİR
Hazırda bərpa işləri Şəkidəki keçmiş təcridxananın binasında davam etdirilir. XIX əsrdə rus hərbçiləri tərəfindən tikilən bina “Yuxarı Baş” qoruğu ərazisindədir. Axırıncı bir neçə ildə bina qəza vəziyyətində olduğundan istifadə edilmirdi. Bərpa zamanı binanın dam örtüyü yenidən qurulacaq, uçmuş mərtəbəarası divarlar və arakəsmələr bərpa olunacaq, qapı və pəncərələr, döşəmə və tavan örtükləri dəyişdiriləcək, fasad divarları təmizlənəcəkdir.
Təcridxananın bərpasında məqsəd Mədəni İrsin Qorunması Layihəsi çərçivəsində 2003-cü ildə yaradılan və indiyədək uğurla fəaliyyət göstərən Sənətkarlar Assosiasiyasının üzvlərini emalatxana ilə təmin etməkdir. Belə ki, bərpadan sonra, Layihəyə uyğun olaraq, müxtəlif sənət növü ilə məşğul olan ustaların hər birinə iş otağı veriləcək, bu otaqlara işıq, telefon, yanğına qarşı siqnalizasiya, su xətləri çəkiləcəkdir.