LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ YENİ MƏRHƏLƏ BAŞLANMIŞDIR
Azərbaycan hökumətinin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) birgə maliyyələşdirdiyi “Şimal-Şərq İnkişaf Layihəsi”nin icrası ilə bağlı proqramın yeni mərhələsi başlanmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin müvafiq strukturların nümayəndələrinin iştirakı ilə Dəvəçi rayonunda keçirdiyi seminar-müşavirədə həmin proqramın mahiyyətindən və qarşıya qoyduğu vəzifələrdən danışılmışdır.
Seminar-müşavirədən əvvəl onun iştirakçıları adından ümummilli lider Heydər Əliyevin rayonun mərkəzindəki abidəsi önünə əklil qoyuldu, ulu öndərin əziz xatirəsi ehtiramla yad edildi.
Kənd təsərrüfatı naziri İsmət Abasov seminar-müşavirədə bildirdi ki, ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı dövlət siyasətinin ardıcıl həyata keçirilməsi, islahatların aparılması, kənddə sahibkarlığın inkişaf etdirilməsi, torpaq mülkiyyətçilərinə aqroservis xidməti göstərilməsi, onların yüksək reproduksiyalı toxumla təmin edilməsi, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq, gübrə, bitki-mühafizə vasitələri ayrılması getdikcə öz səmərəsini verir. Məhsuldarlığın yüksəldilməsinə, bolluq yaradılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərir. Bu il kənd təsərrüfatında məhsul istehsalı həcminin 5-6 faiz artacağı gözlənilir.
Nazir, həmçinin Dünya Bankının, İFAD-ın Azərbaycan hökuməti ilə birgə reallaşdırdığı layihələrin əhəmiyyətini xüsusi vurğuladı.
“Şimal-Şərq İnkişaf Layihəsi”nin direktoru Vüqar Mehdiyev layihənin komponentləri, indiyədək görülmüş işlər və növbəti mərhələdə qarşıda duran vəzifələr barədə məlumat verdi. Bildirdi ki, layihə 30 min hektar sahədə təsərrüfatdaxili kanalları, suvarma və drenaj şəbəkəsini bərpa etməyi, ümumi uzunluğu 176 kilometr olan kanalları lil və çöküntülərdən təmizləməyi, 52 kilometr məsafədə suvarma sistemini sahmana salmağı nəzərdə tutur.
Layihə rəhbəri onu da qeyd etdi ki, görülən əməliyyatların şəffaflığı təmin edilir, layihənin şərtlərindən kənaraçıxma hallarına yol verilmir. Beynəlxalq təşkilatların nümayəndələri tərəfindən layihənin monitorinqi vaxtaşırı keçirilir, layihə çərçivəsində verilən kreditlərin faiz dərəcələri hazırda 15 faiz həddini ötmür.
Sonra rayonun Sincanboyat kəndində seminar-müşavirə iştirakçıları suvarma şəbəkələrinin yararlı hala salınmasında istifadə ediləcək yeni texnika ilə tanış oldular. Bu texnika layihənin əhatə etdiyi Abşeron, Xızı, Siyəzən və Dəvəçi rayonlarında layihənin dəstəyi ilə yaradılmış Sudan İstifadəedənlər Birliklərinin (SİB) nümayəndələrinə təmənnasız verildi.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktoru Razim Vəliyev bildirmişdir ki, aqrar sektorun inkişafı ilə bağlı müxtəlif layihələr respublikamızın digər bölgələrində də həyata keçirilir. Başlıca məqsəd kənd yerlərində yaşayan əhalinin məşğulluğunu təmin etmək, respublikamızın ərzaq məhsulları ilə tam təmin etmək, torpaq mülkiyyətçilərinin güzəranını yaxşıladırmaq, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına dəstək vermək və kənddən şəhərlərə işçi qüvvəsi axının qarşısını almaqdan ibarətdir.
Seminar-müşavirədə Nazirlər Kabinetinin dövlət zəmanəti ilə alınan kreditlərin, texniki yardım və qrantların alınması üzrə işlərin əlaqələndirilməsi şöbəsinin müdiri Nail Fətəliyev, aqrar-sənaye şöbəsinin müdir müavini Əli Məmmədov iştirak etmişlər.
######
