Lənkəran Bölgə Təcrübə Stansiyasında yeni hibrid tərəvəz sortları yetişdirilir




Lənkəran, 15 aprel, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəran Bölgə Təcrübə Stansiyasında (LBTS) keyfiyyətli və məhsuldar tərəvəz sortlarının yetişdirilməsi, toxumçuluğun inkişafı, həmçinin fermerlərin sertifikatlı, mənşəyi bəlli olan toxumlarla təmin edilməsi istiqamətində elmi-tədqiqat işləri davam etdirilir. Bu günədək müəssisədə 20-yə yaxın elit və super-elit sort yaradılıb.
AZƏRTAC xəbər verir ki, stansiyanın seleksiya sahəsində, əsasən, genefondumuza daxil olan, eləcə də rayonlaşdırılmış tərəvəz sortlarının əkini aparılır. Tərəvəzlərin xəstəlik və zərərvericilərə qarşı davamlılığı, həmçinin aqrotexniki qulluq qaydaları və mineral gübrələrin verilmə dozaları tədqiq edilir.
LBTS-in laboratoriya müdiri Tofiq Məlikov bildirib ki, hazırda stansiyada pomidor, acı bibər və badımcan bitkilərinin bir neçə hibrid sortunun sınağı aparılır. Bu bitkilərin məhsuldarlığı, onların tərkibindəki quru maddələrin miqdarı, xəstəlik və zərərvericilərə, həmçinin quraqlıq və şoranlığa qarşı davamlılığı öyrənilir. “Təbii fəlakət və iqlim dəyişiklikləri ilə əlaqədar olaraq, quraqlığa və istiliyə davamlı sortların yetişdirilməsi qarşımızda duran prioritet vəzifələrdəndir. Bu istiqamətlərdə müvafiq elmi-tədqiqat işləri aparırıq. Əldə edilən nəticələrə əsasən, bütün tərəvəz bitkilərinin ayrı-ayrı sortlarının toxumlarını tədarük edirik”, - deyə laboratoriya müdiri bildirib.
Stansiyada respublikamızın genefondunda olan və xaricdən gətirilmiş ayrı-ayrı acı bibər sortlarının seleksiya və toxumçuluq işlərinə xüsusi diqqət yetirilir. Əsas məqsəd bu məhsulun keyfiyyətli və rəqabətədavamlı yeni hibrid sortlarını yaratmaqdır. Stansiyanın elmi işçisi Minarə Sucayeva deyib ki, hazırda acı bibərin 14 kolleksiya nümunəsi və rayonlaşdırılmış “Şəfəq” sortunun toxumları torpağa səpilib. May ayının sonunda şitillər açıq sahəyə köçürüləcək. “5 hektar sahədən əldə edilən tərəvəz şitilləri açıq sahələrdə əkin aparan fermerlərə təklif olunacaq. Məqsəd əhalini ekoloji cəhətdən təmiz olan tərəvəz məhsulları ilə təmin etməkdir”, - deyə o əlavə edib.