LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİNDƏ “FƏAL TƏLİM ÜSULLARI VƏ KREDİT SİSTEMİNDƏ BİLİYİN QİYMƏTLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
Lənkəran, 15 iyul (AZƏRTAC). Lənkəran Dövlət Universitetində (LDU) “Fəal təlim üsulları və kredit sistemində biliyin qiymətləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Asəf İsgəndərov Bolonya sisteminə uyğun olaraq kredit təhsil formasının LDU-da da tətbiq olunduğunu və bunun səmərəli nəticələr verdiyini vurğulamışdır. Bildirmişdir ki, yeni təlim üsulu ilk dəfə universitetin Azərbaycan dili və ədəbiyyatı, cografiya fakültələrinin birinci kurslarında tətbiq olunmuşdur. Builki dərs ilində isə bütün ixtisaslar üzrə tədris kredit sistemi ilə keçirilmişdir.
“Dəyirmi masa”da çıxış edən müəllimlər, tələbələr və ictimaiyyətin nümayəndələri fəal təlim metodlarının tətbiqinin zəruriliyi, tətbiqi üsulları ilə bağlı tələbə və müəllimlərin yeri, rolu, əldə edilən nəticələr barədə ətraflı söhbət açmış, universitetdə fəaliyyət göstərən “Fəal təlim üsulları” kabinetinin bu sahədəki fəliyyətini yüksək qiymətləndirmişlər.
Azərbaycan Dövlət Pedoqoji Universitetin dosenti İlham Əhmədov çıxışında LDU-nun özünütəhlil metodologiyasından danışaraq qeyd etmişdir ki, yeni metodologiyada ali məktəbin fəaliyyəti bal sistemi ilə qiymətləndiriləcəkdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.