Lənkəran sakinindən 5 kiloqram narkotik vasitə aşkarlanıb
Bakı, 18 avqust, AZƏRTAC
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Viyən kənd sakini Mərhəmət Kazımov 20 qram çəkidə qurudulmuş marixuananı satarkən saxlanılıb.
Əməliyyat tədbirlərinin davamında keçirilən baxış zamanı onun yaşadığı evin həyətindən çətənə kolu, həmin həyətdəki yarımçıq tikilidəki sandığın içərisindən isə sellofan torbalarda və 133 kibrit qutusunda ümumilikdə 5 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb. M.Kazımovun həmin narkotik vasitəni həyətyanı sahəsində əkərək kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından əldə etdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.