LƏNKƏRAN ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV PARKI İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Lənkəran rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Lənkəran şəhərində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular, parkda aparılan yenidənqurma işləri ilə tanış oldular. Bildirildi ki, ilin sonunadək parkın ərazisi daha da genişləndiriləcək, Heydər Əliyev xatirə muzeyinin tikintisi başa çatdırılacaqdır.
İkinci dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş lənkəranlıların xatirə kompleksi, fəvvarələr, müasir işıqlandırma sistemi bu istirahət guşəsinə xüsusi yaraşıq verir.
Dövlətimizin başçısı parkın yenidən qurulması layihəsi ilə tanış oldu, görülən işləri yüksək qiymətləndirdi, muzeyin tikintisi ilə maraqlandı.