REGİONLAR
Lənkəran teatrında "Yalançı şahzadə"nin son məşqləri gedir
Lənkəran, 20 aprel, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrında Tərlan Abdullayevin müəllifi və quruluşçu rejissoru olduğu "Yalançı şahzadə" bir hissəli nağıl-tamaşasının son məşqləri gedir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşada Kralın rəssam oğlunun başına gələn hadisələrdən bəhs olunur. Kralın taxt-tacına sahib çıxmaq istəyən meşə qulduru hiylə ilə saraya yol tapır. Lakin Kralın oğlu quldurun bu istəyinin gerçəkləşməsinə mane olaraq "Yalançı şahzadə"nin arzusunu ürəyində qoyur və təkbətək mübarizədə onu məğlub edir. Sonda Kral möhürünü oğluna təhvil verərək onu taxta otuzdurur.
Tamaşanın quruluşçu rəssamı Fuad Babazadə, geyim üzrə rəssamı Güli Süleymanlıdır.
Rollarda Allahverən Babayev (Kral), Səyad Əliyev (Meşə qulduru), Saleh Əzimzadə (Rəssam şahzadə), Gülər Kərimova və Ayşən Əsədova (Kralın qızı), Təranə Əzizova (Qulluqçu), Əlirza Şahbazi və Amil İbrahimli (Tutuquşu), Rauf Zeynalov (Kralın mühafizəçisi), Nizami Qurbanov (Kralın nökəri) çıxış edirlər.
"Yalançı şahzadə" tamaşası yaxın günlərdə azyaşlı teatrsevərlərin ixtiyarına veriləcək.