REGİONLAR
Lənkəranda general Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
Lənkəran, 27 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərində görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə igid qəhrəmanın adını daşıyan ev-muzeyində keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət və təhsil işçiləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli bildirib ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir: “Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsində yeni parlaq səhifələr yazıb. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir”.
V.Nəsirli Həzi Aslanovun 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ilboyu silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Sərhad Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran şöbəsinin sədri İlham Qurbanov çıxışlarında böyük sərkərdənin II Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışaraq onun keçdiyi ömür yolunun gənc nəslə örnək olduğunu bildiriblər.
Tədbirdə hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbir iştirakçıları general Həzi Aslanovun ev-muzeyində eksponatlarla yaxından tanış olublar.