Lənkəranda insan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislərin, fermerlərin, sahibkarlıq subyektlərinin və tələbələrin bilik və bacarıqlarının artırılması, müasir yanaşmaların mənimsənilməsi və qabaqcıl təcrübənin tətbiqinin təşviqi məqsədilə həyata keçirilən genişmiqyaslı təlim proqramları davam edir. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Lənkəran şəhərində “Heyvan xəstəlikləri: Erkən diaqnostika və mübarizə yolları” mövzusunda sahə üzrə mütəxəssislər üçün TOT (Təlimçilərin Təlimi) proqramı təşkil olunub.
Təlimdə Aqrar Təlim Mərkəzi, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universitetinin müəllim heyəti, həmçinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə bildirib ki, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması yalnız təsərrüfatların səmərəliliyi baxımından deyil, bütövlükdə qida təhlükəsizliyinin və ictimai sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır. Rəşad Mehdizadə bu istiqamətdə baytar həkimlərin və heyvan sağlamlığı üzrə mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, mürəkkəb elmi məlumatların fermerlərə sadə və anlaşılan formada çatdırılması, nəzəri biliklərin praktiki nümunələrlə əlaqələndirilməsi, praktiki məşğələlərin təşkili, iştirakçıların təlim prosesinə fəal cəlb edilməsi və təlimlər nəticəsində davranış dəyişikliyinin formalaşdırılması əsas hədəflərdəndir.
Proqram Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert, professor Mustafa Hasöksüz və yerli mütəxəssis, biologiya üzrə fəlsəfə doktoru Vüsal Abbasov tərəfindən aparılıb. Təlim zamanı heyvan xəstəliklərinin erkən aşkarlanması və diaqnostikası, südlük inəklərdə yelin xəstəlikləri, virus infeksiyaları və digər infeksiyalardan qorunma yolları, peyvəndlər və onların yaratdığı immunitet, iribuynuzlu heyvanlarda reproduktiv problemlər və qısırlığın səbəbləri, həmçinin qan parazitar xəstəlikləri və iri və xırdabuynuzlu heyvanlarda helmintozlar barədə məlumat verilib.
Mövzular üzrə müasir laborator diaqnostika üsulları və xəstəliklərlə mübarizə tədbirləri izah olunub, iştirakçıların sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.