Lənkəranda narkotik xassəli bitkilər yetişdirən şəxs saxlanılıb
Bakı, 19 avqust, AZƏRTAC
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Liman şəhər sakini H.Novruzov saxlanılıb. Onun yaşadığı evin yaxınlığındakı torpaq sahəsində böyürtkən kollarının arasında əkərək kultivasiya yolu ilə yetişdirdiyi 22 kiloqram çəkidə 89 çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.