LƏNKƏRANDA QIŞ MÖVSÜMÜNƏ HAZIRLIĞINVƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
Tədbirdə Lənkəran şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, qış mövsümündə əhalinin enerji daşıyıcıları ilə təminatı və istifadə edilən enerji haqlarının yığılması ilə əlaqədar rayonda həyata keçirilən tədbirlərdən və bu sahədə yol verilmiş nöqsanlardan, mövcud problemlərdən danışmışdır.
Əhalini elektrik enerjisi və təbii qazla fasiləsiz təmin etmək məqsədi ilə 2006-cı ilin 10 ayı ərzində görülmüş işlər barədə müşavirə iştirakçılarına məlumat verən natiq qeyd etmişdir ki, ötən müddətdə elektrik xətlərində və yardımçı stansiyalarda əsaslı və cari təmir işləri aparılmış, 147 elektrik dirəyi və 3750 metr naqil dəyişdirilmiş, 10 ədəd transformator daha güclü transformatorla əvəz edilmiş, rayonun ərazisində 5 yardımçı transformator stansiyası inşa olunmuşdur. Lənkəran çayı üzərindəki suayrıcı bəndin 35 kilovoltluq yardımçı stansiyasında 2500 kilovoltluq transformator 4000 kilovoltluq transformatorla əvəz edilmişdir ki, bu da 11 yaşayış məntəqəsinin elektrik enerjisi təminatındakı problemləri aradan qaldırmışdır.
2006-cı ilin 10 ayı ərzində rayon əhalisinin təbi qazla təminatında da bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran icra başçısı, daxili imkanlar hesabına Lənkəranda 419 abonentin qaz təminatının yaxşılaşdığını, Digah, Şilavar və Xarxatan kəndlərinə təbi qazın verilişinin bərpa olunduğunu bildirmişdir.
Bütün bunlarla yanaşı, rayon əhalisinin enerji daşıyıcıları ilə fasiləsiz təminatında və istifadə edilən enerji haqlarının yığılmasında ciddi nöqsanların olduğunu vurğulayan S.Mikayılov, bu ilin 10 ayı ərzində istifadə olunmuş elektrik enerjisi haqqının 36,8 faizinin yığıldığını, noyabr ayında isə bu rəqəmin 55,7 faiz təşkil etdiyini, rayon üzrə cəmi 14052 elektrik sayğacının quraşdırıldığını bildirmişdir.
Qeyd olunmuşdur ki, bu sahədə rayonun qaz təsərrüfatında vəziyyət daha da acınacaqlıdır. 2006-cı ilin 10 ayı ərzində Lənkəran Qaz İstismarı İdarəsi tərəfindən istehlakçılara 978 min 880 manatlıq təbii qaz satılmış, yığılan pulun məbləği isə 219 min 597 manat olmuşdur ki, bu da 22,4 faiz təşkil edir. Noyabr ayında isə bu rəqəm 35 faizə çatdırılmışdır.
Rayonda qaz sayğaclarının quraşdırılmasında da ciddi geriləmə vardır. Qazdan istifadə edən 6850 abonentin yalnız 3550-si sayğacdan istifadə edir.
Lənkəranda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədi ilə 117 kilometr uzunluğunda qaz xəttinin çəkilməsinin “Azəriqaz” Səhmdar Cəmiyyəti tərəfindən gecikdirilməsi də bir sıra problemlər yaratmışdır.
Müşavirədə qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə Lənkəran paylayıcı elektrik şəbəkəsinin rəisi Qılman Rzayevin, rayon qaz istismarı idarəsinin rəisi Anar Şabanovun, Xanbulançay dəryaçasının rəisi Möhübbət Babayevin və neft məhsulları bazasının direktoru Akif Mustafayevin məlumatları dinlənilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov müşavirəni yekunlaşdırmışdır. Qış mövsümünə hazırlıqla əlaqədar yol verilmiş nöqsanları və mövcud problemləri aradan qaldırmaq üçün rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinə ciddi tapşırıqlar verilmişdir.