İQTİSADİYYAT
LƏNKƏRANDA SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏR ÜRƏKAÇANDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 16-da 2008-ci ilin birinci yarısında Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərə həsr olunmuş ümumrayon müşavirəsi keçirilmişdir.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov hesabat məruzəsində bildirmişdir ki, ilin ilk altı ayında ümumi məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz, əmtəə dövriyyəsi 11,4 faiz, adambaşına düşən orta aylıq pul gəlirləri 28 faiz, bir işçiyə düşən orta aylıq əmək haqqı 21,7 faiz artmış, 1839 yeni iş yeri açılmışdır. Aqrar bölmədə də nəticələr uğurludur. 19126 ton tərəvəz, 2150 ton kartof, 31,5 ton yaşıl çay yarpağı istehsal edilmişdir.
Qeyd olunmuşdur ki, cari ilin birinci yarısında rayonda tikinti-abadlıq və quruculuq işləri davam etmiş, bir neçə sosial obyekt istifadəyə verilmişdir.
Hesabat dövründə yeni elektron ATS-lər, 9 kənddə həkim ambulatoriyası və feldşer-mama məntəqələri, süd zavodu istifadəyə verilmiş, əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə yeni su xətti çəkilmişdir. Lənkəran hava limanının meyvə-tərəvəz konservi zavodunun, yeni turizm-istirahət kompleksinin, uşaq sağlamlıq mərkəzinin, əlillər və şəhid ailələri üçün 24, qəza vəziyyətinda olan binanın sakinləri üçün 40 və İstisu qəsəbəsində 16 mənzilli yaşayış binalarının, 2636 şagird yerlik 9 məktəbin tikintisi davam etdirilmişdir. Heydər Əliyev Fondunun vəsaiti ilə Tüədo, Tatova, Daşdatük kəndlərinin hər birində 192, Səpnəkəran kəndində 360 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanmışdır.
Müşavirəyə yekun vuran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyevin nitqlərindən irəli gələn vəzifələrdən danışmışdır.