LƏNKƏRANLI GƏNCLƏRİN BİR QRUPU MÜKAFATLANDIRILMIŞDIR
Lənkəran, 22 dekabr (AZƏRTAC). Dekabrın 22-də Lənkəran Şəhər İcra Hakimiyyətində 2009-cu ilin yekunlarına görə rayonun ictimai-siyasi həyatında, təhsildə və idmanda fərqlənən gənclərin bir qrupu mükafatlandırılmışdır.
Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov gəncləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etmişdir. Natiq bildirmişdir ki, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal rol oynayırlar. Ümummilli lider Heydər Əliyev gənclərə həmişə böyük qayğı göstərmiş, onların uğurlarını yüksək qiymətləndirmişdir. Ulu öndərin sərəncamı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ölkəmizdə gənclər hərəkatına və idmanın inkişafına böyük təkan vermişdir.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin qazandıqları nailiyyətlər və idman sahəsindəki böyük uğurları təkcə paytaxtda deyil, bölgələrdə də hiss olunur. Bunu Lənkəran rayonunun timsalında aydın görmək olar. Gənclərimiz rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirməklə yanaşı, idmanın müxtəlif növləri üzrə keçirilən respublika, Avropa, dünya birinciliklərində, beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini layiqincə qoruyurlar.
Rayonda bədən tərbiyəsi və idmanın inkişafı üçün hər cür şəraitin olduğunu vurğulayan S.Mikayılov, yaxın vaxtlarda Liman şəhərində Regional Boks Mərkəzinin fəaliyyətə başlayacağını diqqətə çatdırmışdır.
Mərasimdə 2009-cu ildə rayonun ictimai-siyasi həyatında, təhsildə və idmanda fərqlənən gənclərin bir qrupuna Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.
Görüşdə çıxış edən gənclərin nümayəndələri, müəllimlər və məqçilər ölkəmizdə gənc nəslin hərtərəfli inkişafına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
######
