Lerikdə koronavirus infeksiyasına qarşı 1355 nəfər peyvənd olunub
Lerik, 22 fevral, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Lerik rayonunda da koronavirus infeksiyasına qarşı peyvənd kampaniyası uğurla davam edir.
Lerik Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Maqsud Ağayevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, rayonda peyvənd kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılıb. Bu məqsədlə xəstəxananın infeksion şöbəsində təşkil edilmiş vaksinasiyaya 4 həkim, 10 tibb işçisi cəlb olunub.
İndiyədək rayonda 1355 nəfər koronavirusa qarşı peyvənd edilib. Onlardan 371 nəfəri tibb işçisi, 695 nəfəri 65 yaşdan, 289 nəfəri isə 50 yaşdan yuxarı vətəndaşlardır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiya”sına uyğun olaraq, ilkin mərhələdə səhiyyə işçiləri və yaşı 65-dən yuxarı olan şəxslərin peyvəndlənməsi aparılıb. Fevralın 18-dən isə 50 yaşdan yuxarı əhalinin vaksinasiyası davam etdirilir.