Lerikdə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində maarifləndirici tədbirlər təşkil olunub
Bakı, 2 sentyabr, AZƏRTAC
Gənclər Fondunun təşkilatçılığı ilə Lerik rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici təlimlər təşkil edilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
“Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təşkil olunan təlimlərdə gənclərə narkotik asılılığı problemi ilə bağlı biliklərinin artırılması məqsədilə rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələrdə gizli manipulyasiya üsulları, süni intellektin təsirləri, psixoaktiv maddələrin sağlamlığa zərəri, rəqəmsal savadlılıq, bu sahədə normativ hüquqi aktların müddəa və tələbləri, şəxsi təhlükəsizlik, düzgün qərarvermə və imtina bacarıqlarının formalaşdırılması ilə bağlı məlumat verilib. Dövlət Komissiyasının daim fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materialları paylanılıb.