Lisey və gimnaziyalar üzrə seçim prosesi başlayıb
Bakı, 8 iyul, AZƏRTAC
Mərkəzləşdirilmiş qaydada təşkil olunan lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb və iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, lisey və gimnaziyalar üzrə seçim prosesi iyulun 8-i saat 11:00-da başlayıb və iyulun 14-ü saat 12:00-dək davam edəcək.
Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir.
Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi deyil. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.
Şagird seçdiyi lisey və ya gimnaziyaya qəbul olunduğu təqdirdə şagirdlərin elektron yerdəyişmə sistemi aktivləşdiriləcək və onun üçün avtomatik yerdəyişmə sorğusu yaradılacaq. Qəbul olunan şagirdlərin sənəd qəbulu prosesinin avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.
Qəbul imtahanı ölkə üzrə 41 müxtəlif imtahan mərkəzində təşkil olunub və prosesdə 7 minə yaxın şagird iştirak edib.
Nəticələrlə bağlı müraciətlər 10 iyul 17:00-dək [email protected] elektron poçt ünvanına rəsmi ərizə formasında göndərilə bilər.