LONDON BİZNES ÜÇÜN İDEAL ŞƏHƏRDİR
“Quşman ənd Ueykfild” məsləhət şirkətinin ekspertləri yenidən Londonu Avropanın biznes üçün ən rahat şəhəri adlandırmışlar. 2006-cı ilin yekunlarına görə, Britaniya paytaxtı başlıca rəqibi Parisdən xeyli irəli çıxmışdır.
Ekspertlər Avropanın ən iri korporasiyalarının rəhbərləri arasında sorğu keçirir və baş iqamətgahın yerləşməsinə təsir göstərən amilləri müəyyən edirlər. Əsas şərtlər nəqliyyat və informasiya infrastrukturunun rahatlığı, sərmayə mühiti, icarə qiymətləri, yaşayış səviyyəsi və işçi qüvvəsinin dəyəridir. Mütəxəssislər şəhərlərin iri şirkətlər arasında populyarlığını müəyyən edən 12 amili qiymətləndirirlər.
2006-cı ilin reytinqinə 33 şəhər daxil edilmişdir. London 7 nominasiyada lider olmuşdur. Böyük Britaniyanın paytaxtı ötən il də birinci yeri tutmuşdu.
Fransanın paytaxtı Paris ikinci olmuşdur. Burada bizneslə məşğul olmaq Londonla müqayisədə çox da rahat deyildir. Üçüncü yeri Frankfurt tutur. Biznesmenlər arasında çox populyar olan İspaniyanın Barselona şəhəri bu il 5-ci yerdən 4-cü yerə qalxmışdır. Lider şəhərlər beşliyinin sonuncusu Brüsseldir.
“Quşman ənd Ueykfuld” şirkətinin London ofisinin rəhbəri Ceyms Yanq demişdir ki, Londona verilən yüksək qiymət onu dünyanın maliyyə mərkəzinə çevirir. Qloballaşma prosesi gedir. London dünyanın Nyu-York və Tokio kimi nüfuzlu şəhərləri arasında yerini möhkəmləndirir. Gələcəkdə Şanxayın da onlara qoşulması ehtimalı var.
Sorğu iştirakçılarının fikrincə, inkişaf etməkdə olan şəhərlər arasında bu cəhətdən ən perspektivləri Moskva, İstanbul və Budapeştdir.