Los-Ancelesdəki Bəhai Mərkəzində Azərbaycana dair təqdimat olub
Bakı, 24 aprel, AZƏRTAC
Bəhai icmasının dəvətilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los-Anceles Bəhai Mərkəzində 600-ə yaxın icma üzvləri qarşısında ölkəmizə dair təqdimatla çıxış edib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Təqdimat baş konsulluğun Los-Ancelesdə fəaliyyət göstərən dini icmalarla münasibətlərin qurulması yönündə apardığı iş çərçivəsində keçirilib.
Baş konsul çıxışında ilk olaraq Azərbaycanın tarixi, zəngin mədəniyyəti, yerləşdiyi coğrafi mühit haqqında məlumat verib. O, həmçinin Azərbaycandakı multikulturalizm və tolerantlıq ənənələri haqqında danışıb, bu dəyərlərin ölkəmizdə əsrlərdən bəri mövcud olduğunu diqqətə çatdırıb. N.Ağayev ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında günü-gündən daha da gücləndiyini vurğulayıb.
Azərbaycan multikulturalizmi və tolerantlığı icma üzvləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.