LUİS MARİA DE PUÇ: “QARŞIDAKI PREZİDENT SEÇKİLƏRİ AZƏRBAYCANIN DEMOKRATİYAYA SADİQLİYİNİ NÜMAYİŞ ETDİRMƏLİDİR”
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puçun iyulun 1-3-də Azərbaycana səfəri ilə bağlı qurumun internet saytında “Qarşıdakı prezident seçkiləri Azərbaycanın demokratiyaya sadiqliyini nümayiş etdirməlidir” başlığı altında məlumat vermişdir.
Məlumatda bildirilir ki, Azərbaycanda rəsmi səfərdə olmuş Luis Maria de Puç ölkəmizdə keçiriləcək prezident seçkilərinin demokratik islahatlar sahəsində Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsini nümayş etdirəcəyinə əmin olduğunu bəyan etmişdir.
AŞPA sədri Azərbaycanın yüksək rəsmilərinin-ölkə prezidentinin, Milli Məclis sədrinin və Baş nazirin respublikamızın Avropa dəyərlərinə və ölkənin demokratikləşməsinə hörmətlə yanaşmalarını, demokratik islahatların Avropa Şurası standartlarına uyğun inkişaf etdirmək barədəki bəyanatlarını yüksək qiymətləndirdiyini qeyd etmişdir. Sədr ölkə rəsmilərinin bu bəyanatlarının Azərbaycanda qarşıdakı prezident seçkilərinin azad və demokratik keçiriləcəyinə onda əminlik yaratdığını göstərmişdir.
AŞPA sədri seçki prosesi ilə əlaqədar qurum tərəfindən irəli sürülmüş tövsiyələrə seçkilərdən əvvəl əməl ediləcəyinə əmin olduğunu qeyd etmişdir.
Sədr səfəri zamanı Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipi əsasında tezliklə sülh yolu ilə həllini təkid etdiyini diqqətə çatdırmışdır. Sonda AŞPA sədrinin Prezident İlham Əliyevlə, Milli Məclisin sədri Oqtay Əsədovla, Baş nazir Artur Rasizadə ilə, xarici işlər naziri Elmar Məmmədyarovla, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin, müxtəlif siyasi partiyaların üzvləri və ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirdiyi barədə məlumat verilmişdir.