LVOV HƏRBİ MƏHKƏMƏSİ AVİASİYA QƏZASINDA GÜNAHKAR OLAN ŞƏXSLƏRİN MÜQƏSSİRLİK DƏRƏCƏSİNİ MÜƏYYƏN ETMƏYƏ BAŞLAMIŞDIR
Lvov hərbi məhkəməsi Ukrayna HHQ-nin rəisləri, o cümlədən baş komandan Viktor Strelnikov barəsində qəti imkan tədbiri məsələsinə baxacaqdır. Bunu İTAR-TASS-ın müxbirinə baş prokurorluqdakı məlumatlı mənbə bildirmişdir. Həmin şəxslərin həbs edilməsinə sanksiya verilməsi barədə baş prokurorluğa artıq vəsatət göndərilmiş, habelə faciədə onların günahını sübut edən dəlil-sübutlar təqdim etmişdir.
Baş prokurorluğun müstəntiqləri Ukrayna HHQ-nin sabiq baş komandanı, aviasiya general-polkovniki Viktor Strelnikovu, 14-cü aviasiya korpusunun komandanı, general-leytenantı Sergey Onişsenkonu, onun müavini general Tretyakovu və pilotaş üzrə uçuşların rəhbərinin köməkçisi podpolkovnik Yatsyuku tutmuşlar. Onların hamısı ağır nəticələrə- təyyarə qəzasına və çoxsaylı insan tələfatına səbəb olmuş məsuliyyətsizlikdə ittiham edilirlər. General Tretyakov və podpolkovnik Yatsyuk uçuş aparatlarından istifadə qaydalarını cinayətkarcasına pozmaqda şübhəli sayılırlar.
Lvovdakı aviaşouda Su-27 təyyarəsinin qəzaya uğraması nəticəsində 83 nəfər həlak olmuş, 100-dən artıq adam isə yaralanmışdır. Katapult vasitəsilə təyyarəni vaxtında tərk etmiş pilotlara qarşı da cinayət işi qaldırılmışdır. Pilotlar barəsində qəti imkan tədbiri onlar sağaldıqdan sonra seçiləcəkdir.
Su-27 təyyarəsinin mühərriklərinin nasaz olması versiyası rədd edilmişdir. Mühərriklər təyyarə yerə dəyən anınadək saz olmuşdur. Bunu faciənin səbəblərini araşdıran dövlət komissiyasındakı mənbə bildirmişdir. Mühərrikə hansısa quşun dəyməsi mülahizəsi də rədd edilmişdir.
Dövlət komisssiyası təyyarənin kəskin surətdə yana əyilməsinin səbəbini də öyrənir. Komissiyasının rəhbəri, Ukrayna Təhlükəsizlik Şurasının katibi Yevgeni Marçuk bununla əlaqədar demişdir: “Hətta qeyri- peşəkara da aydındır ki, həmin anda təyyarəni sola deyil, sağa döndərmək daha təhlükəsiz olardı. Pilotların isə niyə belə etmədiklərini araşdırmaq lazımdır”.