LYU YUNŞAN: ÇİN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN BEYNƏLXALQ HÜQUQ NORMALARI ƏSASINDA HƏLLİNİN TƏRƏFDARIDIR
Milli Məclisin sədri Murtuz Ələsgərov qonaqları salamlayaraq bildirdi ki, nümayəndə heyətinin Azərbaycana səfəri iki dövlət, habelə Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəkdir. O, ölkələrimiz arasında əlaqələrin çoxəsrlik tarixi olduğunu, Qədim İpək yolunun yarandığı vaxtdan bu əməkdaşlığın təşəkkül tapdığını xatırladaraq dedi ki, hələ o dövrdə xalqlarımız arasında ticarət və mədəniyyət sahəsində sıx əlaqələr olmuşdur. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra Çin ölkəmizin suverenliyini tanıyan ilk dövlətlərdən biri olmuş və respublikamızla diplomatik əlaqələr yaratmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfəri, orada keçirdiyi yüksək səviyyəli görüşlər və apardığı danışıqlar müasir dövrdə ölkələrimiz arasında işgüzar əlaqələrin əsasını qoymuşdur.
M.Ələsgərov qonaqlara iki ölkənin parlamentləri arasında sıx əlaqələr yarandığını, Çin Xalq Respublikasına səfər etdiyini, orada bir sıra görüşlər keçirdiyini də xatırlatdı.
Parlamentin sədri qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə məlumat verərək dedi ki, ölkəmiz uzun illər davam edən bu problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında həll edilməsinin tərəfdarıdır.
Cənab Lyu Yunşan səmimi qəbula görə minnətdarlığını bildirərək vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə ölkənizin siyasi, iqtisadi vəziyyəti haqqında geniş və maraqlı məlumat aldıq, bir sıra məsələlər barədə fikir mübadiləsi apardıq. Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Onunla görüş hər birimizdə xoş təəssürat oyatdı. Prezident İlham Əliyev geniş dünyagörüşünə malik görkəmli şəxsiyyət və liderdir.
Lyu Yunşan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Çin Xalq Respublikasının mövqeyini bir daha təsdiqləyərək vurğuladı ki, biz problemin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normalarına uyğun həll edilməsinin tərəfdarıyıq və gələcəkdə də bu mövqedə olacağıq.
Qonaq müstəqillik əldə etdikdən sonra ölkəmizdə siyasi sabitliyin yarandığını, iqtisadiyyatın inkişaf etdiyini, əhalinin həyat səviyyəsinin yüksəldiyini, xalqımızın bir çox sahələrdə mühüm nailiyyətlər əldə etdiyini xüsusi vurğuladı. Ölkəmizdə baş verən müsbət dəyişikliklərin və inkişafın şahidi olduğunu söyləyən nümayəndə heyətinin başçısı dedi ki, Bakı şəhəri nəhəng inşaat meydançasını xatırladır. Çin hökuməti Azərbaycanın daha da inkişaf edərək, qüdrətli diyara çevrilməsini ürəkdən arzulayır.
Görüşdə Milli Məclis sədrinin müavinləri iştirak edirdilər.