Lyudmila Qolovina: Bir neçə gündən sonra dünyanın güclü batut gimnastları Bakıya toplaşacaqlar
Bakı, 8 fevral, AZƏRTAC
Bir neçə gündür Bakıda təlim-məşq toplanışında iştirak edirik. Burada keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarında Gürcüstanı iki idmançı təmsil edəcək. Onlar Tengiz Koşkadze və Lyuba Qolovinadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri batut gimnastikası üzrə Gürcüstan milli komandasının məşqçisi Lyudmila Qolovina Milli Gimnastika Arenasında jurnalistlərə müsahibəsində deyib.
Məşqçi bildirib ki, Bakıda keçiriləcək dünya kuboku turniri bu ilin ilk yarışıdır. Dünyanın bütün aparıcı idmançıları yarışda iştirak etmək üçün Bakıya toplaşacaqlar. Bəziləri artıq Olimpiya Oyunlarına lisenziyanı təmin ediblər. Bəzi gimnastlar isə Olimpiadada iştirak üçün xallarını artıracaqlar.
Gürcü idmançıların dəfələrlə Milli Gimnastika Arenasında çıxış etdiklərini bildirən L.Qolovina onlar üçün yaradılan şəraitdən həmişə razı qaldıqlarını vurğulayıb.
Qeyd edək ki, Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 30 ölkə iştirakını təsdiqləyib. Təxminən 150 gimnast yarışda birincilik uğrunda mübarizə aparacaq.
Ölkəmizi batut gimnastikası yarışlarında Selcan Maqsudova, tamblinqdə isə Fərid Mustafayev təmsil edəcəklər.