Macarıstan xarici işlər nazirinin Azərbaycana səfəri macar mətbuatının diqqət mərkəzindədir
Budapeşt, 29 mart, AZƏRTAC
Macarıstanın "Daily News Hungary" nəşri bu ölkənin xarici işlər naziri Peter Siyartonun Azərbaycana səfəri ilə bağlı material dərc edib. Qəzetin xəbərində xüsusilə vurğulanır ki, macar qonaq bu gün Bakıda Azərbaycan təbii qazının 2021-ci ildən Macarıstana tədarükü məqsədilə işçi qrupunun yaradılmasına dair energetika naziri Pərviz Şahbazovla saziş imzalayıb.
AZƏRTAC MTI informasiya agentliyinə istinadla xəbər verir ki, P.Siyarto telefon müsahibəsində Azərbaycan qazının Avropaya nəqlinin arteriyasında olmağın Macarıstanın marağında olduğunu deyib. O əlavə edib: "Bu, Macarıstan üçün çox mühümdür, çünki qaz tədarükünün şaxələndirilməsi çoxdandır gündəlikdədir. Lakin bugünədək bu məsələdə həmişə geosiyasi və regional maneələr olub".
P.Siyarto qeyd edib: "İndi Azərbaycanın qaz məsələsində bizə kömək etmək üçün real imkanları var və bu, Macarıstana qaz tədarükü sahəsində vəziyyəti xeyli yaxşılaşdıracaq". Onun sözlərinə görə, Ukraynada münaqişə Avropanın enerji təhlükəsizliyinə mənfi təsir göstərir və bu iki ölkəyə Rusiya təbii qazının Ukrayna ərazisindən Mərkəzi Avropaya nəqli üçün yeni sazişlər imzalamağa mane olur. Siyarto bildirib ki, bu vəziyyət istehlak etdiyi qazın yarısını Ukrayna ərazisi ilə Rusiyadan idxal edən Macarıstana güclü zərbə vurur.
Nazir daha sonra deyib: "Bizim regiona nəzər yetirdikdə, aydın şəkildə görürük ki, Azərbaycandan qaz idxalı ölkəmizin enerji təhlükəsizliyinin və yeni qaz mənbələrinin təmin edilməsi baxımından həyati əhəmiyyətli ssenarilərdən biri ola bilər". O xatırladıb ki, Azərbaycan hər il Türkiyə və Cənub-Şərqi Avropaya 16 milyard kubmetr qaz ixrac edir.
Siyarto, həmçinin Azərbaycanda 500 milyard kubmetr ehtiyatı olan üç yeni qaz yatağının kəşfindən məmnunluğunu ifadə edib. "Ərazisinə görə təxminən Macarıstana bərabər olan kiçik Qafqaz ölkəsi kommunikasiya gücünü və özünün qaz kəmərləri ilə Cənub-Şərqi Avropaya qaz tədarükünü ildə 16 milyard kubmetrdən 31 milyarda qədər artırır", -deyə nazir əlavə edib.