Magistraturaların proqram və ixtisaslaşma seçimi üzrə 280-dək bakalavr ərizəsini təsdiqlədib
Bakı, 9 iyun, AZƏRTAC
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə proqram və ixtisaslaşma seçiminə iyunun 8-dən başlanan ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, proqram və ixtisaslaşma seçiminə fevralın 23-də keçirilmiş magistraturaya qəbul imtahanında (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar. Bu gün saat 11:20-yə olan məlumata görə, 278 nəfər (Azərbaycan bölməsi - 263; rus bölməsi - 15) ərizəsini təsdiqlədib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyinin birgə razılığına əsasən cari ildə bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.
Bakalavrlar iyunun 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.
Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq. Ərizə təsdiqləndikdən sonra onda heç bir dəyişiklik etmək mümkün deyil.