RƏSMİ XRONİKA
MALİYYƏ NAZİRİ SAMİR SƏRİFOVUN ÇIXIŞI
Hörmətli iclas iştirakçıları!
2006-cı ilin birinci rübündə ölkənin iqtisadi fəaliyyətinin yekunlarının və fiskal siyasətinin nəticələrinin təhlili onu deməyə əsas verir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafının sürətləndirilməsi strategiyası özünü tam doğruldur. Onun həyata keçirilməsi ölkəmizdə dinamik inkişafı, ahəngdar iqtisadi artımı təmin etmiş, onların davamlı və dönməz xarakter almasını sübut etmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi, cari ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul 39,5 faiz artmış, bu isə 2005-ci ilin yekunları ilə müqayisədə 50 faiz əlavə artım deməkdir. Bütün maliyyə mənbələri hesabına investisiya qoyuluşu 6,9 faiz, orta aylıq əmək haqqı 20,3 faiz, pullu xidmətlərin həcmi 28,4 faiz, əhalinin banklardakı əmanətləri 26,2 faiz artmışdır. İqtisadiyyatdakı bu yüksək artım sürəti özünün adekvat əksini büdcə göstəricilərində də tapmışdır.
Cari ilin ötən dörd ayı ərzində dövlət büdcəsinin mədaxili 1,1 milyard manat və ya 104,1 faiz yerinə yetirilməklə, 2005-ci ilin eyni dövrü ilə müqayisədə 89,8 faiz artıq olmuşdur. Dövlət büdcəsinin xərcləri 913 milyon manat və 83,7 faiz icra edilməklə, ötən ilin eyni dövrü ilə müqayisədə 362 milyon manat və ya 65,8 faiz çox olmuşdur. 2005-ci ilin eyni dövrü ilə müqayisədə sənaye və tikinti xərcləri 4,4 dəfə, müdafiə xərcləri 2,3 dəfə, kənd təsərrüfatı xərcləri 74,2 faiz, səhiyyə xərcləri 43,9 faiz, iqtisadi fəaliyyətlə bağlı xərclər 43,7 faiz, mənzil-kommunal təsərrüfatı xərcləri 42,6 faiz, mədəniyyət xərcləri 35 faiz, təhsil xərcləri 27 faiz artımla icra edilmişdir.
Dövlət investisiya xərclərinə 2005-ci ilin dörd ayına nisbətən 1,6 dəfə çox və ya 213 milyon, o cümlədən sosial, mədəni və məişət təyinatlı obyektlərin tikintisinə, yenidən qurulmasına 17,5 milyon manat, modul tipli elektrik stansiyaların tikintisinə 104 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpasına 29,5 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının tikintisinə 25,5 milyon manat vəsait yönəldilmişdir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan isə Bakı şəhərinin ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramında təhsil, səhiyyə, mədəniyyət, yol təsərrüfatı və digər infrastrukturlar üzrə nəzərdə tutulmuş tikinti-quruculuq işlərinin maliyyələşdirilməsi üçün 26 milyon manat ayrılmışdır.
Ölkəmizin başçısının müvafiq sərəncamları ilə 2006-cı il yanvarın 1-dən səhiyyə işçilərinin əmək haqları 30 faiz, müdafiə nazirliyinin, digər hərbi qurumların qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının rütbəyə görə maaşları iki dəfə artırılmış, işləməyən əmək pensiyaçılarının pensiya və müavinətlərinin minimum həddi 30 manata çatdırılmış, 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir.
Əldə olunan uğurlarla yanaşı, qarşıda duran problemlərə toxunan maliyyə naziri əsas diqqəti neft gəlirlərinin artacağı şəraitdə milli valyutamızın məzənnəsinin qorunması, inflyasiyanın idarə olunan səviyyədə saxlanması, neft gəlirlərinin gələcək nəsillər üçün toplanmasında optimal tarazlığın müəyyənləşdirilməsi, iqtisadiyyatın digər sahələrində islahatların dərinləşdirilməsinə təkan verilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərdən bəhs etdi.