“Marakana” stadionunun muzeyində “Neftçi”nin futbolçusu Anatoli Banişevskinin forması nümayiş etdiriləcək
Bakı, 19 avqust, AZƏRTAC
1965-ci il noyabrın 21-də Braziliyanın möhtəşəm “Marakana” stadionuna toplaşmış 132 min azarkeş onilliyin qoluna şahidlik etdi. Məhz həmin gün “Marakana”da oynanılan Braziliya - SSRİ matçında “Neftçi”nin yetirməsi Anatoli Banişevski başla uzaq məsafədən vurduğu qolla adını tarixə yazdırıb. Matçın 54-cü dəqiqəsində Pelenin vurduğu qola sevinən azarkeşlər, cəmi beş dəqiqə sonra sükuta qərq olublar. Qoldan sonra A.Banişevskiyə yaxınlaşan Pele onun əlini sıxaraq təbrik edib. Braziliyalıların yaddaşında “Qızıl baş” ləqəbi ilə qalan əfsanəvi futbolçu “Marakana” stadionunda qol vurmuş yeganə həmyerlimizdir. Braziliyada yaşlı nəslin nümayəndələri həmin matçı və A.Banişevskinin qolunu yaxşı xatırlayırlar. Gənc nəsil isə tarixə şahidlik etmək üçün “Marakana” muzeyinə üz tutur.
AZƏRTAC xəbər verir ki, “Neftçi” peşəkar futbol klubunun Braziliyada işgüzar səfərdə olan icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov “Marakana” muzeyinin nümayəndələri ilə görüşüblər. Görüş əsnasında Azərbaycan futbol tarixinin ən köklü klubu olan “Neftçi” barədə məlumat verilib.
Sonra komandamızın yetirməsi olan və peşəkar karyerası ərzində yalnız “Neftçi”də oynamış A.Banişevskinin “Marakana”da vurduğu qol xatırlanıb və futbolçu haqqında rəsmi məlumatlar muzey rəhbərliyinin diqqətinə çatdırılıb. Sonda əfsanəvi futbolçumuz A.Banişevskinin forması muzeyə hədiyyə edilib.
Bundan sonra Braziliyanın futbol iqamətgahı sayılan bu stadionda yerli azarkeşlər “Neftçi”də 9 nömrə ilə çıxış etmiş A.Banişevskinin formasını görə biləcəklər.