Marneulidə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir
Marneuli, 9 may (AZƏRTAC). Mayın 9-da Gürcüstanın Kvemo-Kratli-Borçalı bölgəsinin Marneuli şəhərindəki Olimpiya Kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə, həmçinin Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan və gürcü dillərində nəşr etdirdiyi “Heydər Əliyev: Azərbaycan-Gürcüstan dostluğu bütün dünyada nümunədir” kitabının təqdimatı olmuşdur.
Tədbiri açan azərbaycanlıların Marneulidəki mədəniyyət mərkəzinin rəhbəri Fazil Həsənov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışmış, ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın məhv olmaq təhlükəsindən, səriştəsiz rəhbərlikdən xilas olduğunu vurğulamışdır. Natiq Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza, o cümlədən Gürcüstan azərbaycanlılarına göstərdiyi diqqət və qayğını nəzərə çarpdırmış, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekanoidze və başqaları ulu öndərin yalnız Azərbaycanda deyil, bölgədə sabitliyin təmin olunmasında, əsrin layihələrinin reallaşdırılmasında böyük xidmətlərindən danışmışlar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi