MART AYINDA EHBS-DƏ BANKLARARASI KREDİTLƏŞDİRMƏNİN HƏCMİ 4,128 MİLYON AZN TƏŞKİL ETMİŞDİR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hesabat dövründə Elektron Hərracları Birja Sistemi (EHBS) çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) 27 əqd bağlanmışdır.
Bu ilin birinci rübündə MBKB-də borclar ötən il bu bazarda qeydə alınan bütün əqdlərin həcminin 92,6 faizini təşkil etmişdir. Təkcə martın yekunlarına əsasən, EHBS-də banklararası kreditləşdirmə əvvəlki ayla müqayisədə 26,72 faiz, yaxud 0,871 milyon manat artaraq, 4,128 milyon AZN olmuşdur. Martda müxtəlif kredit alətləri üzrə banklararası 13 əqd bağlanmışdır. Borclar 13 gündən tutmuş 3 ay müddətinədək girovsuz əsasda rəsmiləşdirilmişdir. Banklararası kreditin ABŞ dolları ilə orta dərəcəsi fevralın oxşar göstəriciləri ilə müqayisədə 0,88 bənd artaraq, martın yekunlarına əsasən, 11,38 faiz təşkil etmişdir. MBKB-də banklararası kreditləşdirmənin manat alətləri ilə orta dərəcəsi isə son ayda 1,01 bənd enərək, fevraldakı 10,8 faiz müqabilində həmin dövrdə 9,79 faiz təşkil etmişdir.
EHBS-də banklararası kreditləşmə həcminin artımı ötən ilin dekabrından MBKB-nin market-meykerləri olan bankların fəaliyyətinin güclənməsi ilə bağlıdır. Bu bankların kredit dərəcələrinin reprezentativliyi sayəsində BBVB BakIBOR və BakIBİD pul bazarının əsas göstəricilərinin indikativliyini artıra bilmişdir. Pul indikatorlarının “ömür müddəti”, yəni indikatorun əhəmiyyətinin aktual olduğu müddət hazırda 1 gündür, BakIOUCR-in BBVB-də nəzərdə tutulan yerləşdirmə və cəlbetmə dərəcələri arasındakı orta qiymət isə pul bazarındakı vəziyyəti bu və ya digər dərəcədə əks etdirən yeganə haqq-hesab göstəricisidir.