Masallıda COVID-19 əleyhinə vaksinasiya prosesinə kölgə salan faktlarla bağlı cinayət işi başlanıb
Bakı, 18 avqust, AZƏRTAC
Masallı rayonunun Sığdaş kəndində ölkə ərazisində olmayan bəzi şəxslərin COVID-19 əleyhinə qanunsuz olaraq birinci doza vaksinasiya edilmələri barədə daxil olmuş material əsasında Masallı Rayon Prokurorluğunda araşdırma aparılıb.
Masallı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırma ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının feldşeri Ziyafət Ağababayev tərəfindən rayonun Sığdaş kəndinin bəzi sakinlərinin ölkə ərazisindən kənarda olmalarına baxmayaraq, onlara vaksin vurulmadığı halda COVID-19 əleyhinə birinci doza vaksinasiya olunmaları və bu barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirakı olan şəxslərin müəyyənləşdirilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.