MASALLIDA TƏHSİL İŞÇİLƏRİNİN MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin rayon icra hakimiyyəti binasının önündə ucaldılmış büstünün önünə əklillər və gül-çiçək dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Müşavirədə rayon icra hakimiyyətinin başçısı Oqtay Əliyev çıxış edərək son illər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən dövlət tədbirlərinin əhəmiyyətindən danışmış, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramına müvafiq olaraq regionlarda, o cümlədən Masallı rayonunda müasir tipli məktəb binalarının tikilib istifadəyə verilməsini Azərbaycan Prezidentinin təhsilin inkişafına göstərdiyi qayğının təzahürü kimi qiymətləndirmişdir.
Milli Məclisin deputatları Əhəd Abıyev və Elmira Axundova müşavirədə çıxış edərək seçici tapşırıqları ilə əlaqədar görülən işlərdən danışmış, rayonda təhsilin inkişafı ilə bağlı Təhsil Nazirliyinə təqdim etdikləri təkliflərin əksəriyyətinin bu gün qəbul ediləcək sənəddə öz əksini tapdığını diqqətə çatdırmışlar.
Müşavirədə təhsil naziri Misir Mərdanov çıxış edərək Azərbaycan Prezidentinin salamlarını Masallı camaatına çatdırmış, 2006-2010-cu illərdə Masallı rayonunda təhsilin inkişaf planı barədə iştirakçılara məlumat vermişdir.
Təhsil naziri rayonun 60 nəfər şagirdinə hədiyyələr, bir qrup müəllimə isə nazirliyin fəxri fərmanlarını təqdim etmişdir.
Tədbirin sonunda təhsil naziri Misir Mərdanov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Oqtay Əliyev “2006-2010-cu illərdə Masallı rayonunda təhsil inkişafı planı”nı imzalamışlar.
Toplantıda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.