Masallıdakı park-bulvar kompleksində inşaat işləri davam etdirilir
Masallı, 17 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Viləş çayının Masallı şəhəri ərazindən keçən hissəsində inşasına başlanılan park-bulvar kompleksinin tikintisi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni istirahət mərkəzində bir sıra obyektlər, o cümlədən uşaq əyləncə mərkəzi, istirahət guşələri, mini-futbol və voleybol meydançaları tikilərək sakinlərin ixtiyarına veriləcək. Parkın bir hissəsində qədim Masallının tarixini əks etdirən guşə də olacaq.
Layihədə nəzərdə tutulan tikinti işlərinin bir qismi artıq başa çatdırılıb.
Viləş çayı yatağının sel və daşqın sularından mühafizəsini təmin etmək və respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolunun üzərində yerləşən yeganə əsas körpünün beton bünövrəsinin zədələnməsinin qarşısının alınması məqsədilə çayın 591 poqonmetr hissəsi beton məcraya salınıb və bənd boyunca hər iki tərəfdə drenaj şəbəkəsi çəkilib.
Hazırda daha 159 poqonmetr ərazidə beton işləri görülür.
Xatırladaq ki, Prezident İlham Əliyev 2018-ci ilin sentyabrın 18-də Masallı rayonuna növbəti səfəri zamanı Viləş çayı yatağının şəhər ərazisindən keçən hissəsində inşa edilən park-bulvar kompleksi ilə tanış olub, tikinti-quraşdırma işlərinin tam başa çatdırılması məqsədilə müvafiq tapşırıqlarını verib.