Masallının Təkdam və Xallıcalı kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
Masallı, 13 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 13-də Masallı rayonunun Təkdam və Xallıcalı kəndlərində modul tipli yeni məktəb binaları istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə Təkdam kənd ümumi orta məktəbi üçün quraşdırılmış 80 yerlik modul tipli məktəbdə 74 şagird, 96 yerlik Xallıcalı kənd ümumi orta məktəbində isə 103 şagird təhsil alacaq. Hər iki məktəb istilik sistemi, su xətləri və sanitar qovşaqla təchiz olunub.
Bu münasibətlə keçirilən açılış mərasimlərində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, ağsaqqallar, ziyalılar, müəllimlər və ictimaiyyət nümayəndələri əlamətdar hadisə münasibətilə hər iki məktəbin müəllim və şagirdlərini təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.
Çıxış edənlər ölkəmizdə, o cümlədən Masallı rayonunda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışaraq, müəllim və şagirdlərə ərməğan edilən bu gözəl töhfəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.