Masallının Viləş kəndində şəhid İntiqam Əsgərlinin adı əbədiləşdirilib
Masallı, 17 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Viləş kəndində Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin doğum günündə onun xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində çıxış edən iki şəhid anası - İntiqamın və Aprel döyüşlərinin şəhidi Nurlanın anası Ziba xanım övladlarının keçdiyi döyüş yolundan, onlarda olan yüksək vətənpərvərlik hissindən danışıb. Bildirib ki, övladları az ömür yaşasa da, torpaq uğrunda şəhid olublar. Onların adları tarixdə əbədi qalacaq.
Milli Məclisin deputatı professor Anar İsgəndərov, Qarabağ müharibəsi döyüşçüsü, qazi İslam Əzimov və başqaları 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıblar. Qeyd olunub ki, qəhrəmanlıq dastanı yazan, cənnətdəki ilk ad gününü qeyd edən İntiqam kimi igid oğullarımızın Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan tarixində ən şanlı səhifə kimi qalacaq. Şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Vətən müharibəsində həlak olan hərbçi Xudayar Yusifzadənin anası İradə xanım, şəhid Sübhanın anası Mehriban Əbdürrəhmanova və başqaları ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasim iştirakçıları Viləş kəndindən olan şəhidlərin, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.
Anım mərasimi şəhid qardaşların böyüdüyü evdə davam etdirilib.
Masallı Dövlət Kollecinin tələbə və müəllim kollektivinin iştirakı ilə aktyor Cəmaləddin Əliyevin quruluş verdiyi “Ölümümə inanma!” ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbirdə Viləş kənd tam orta məktəbinin müəllim və şagirdləri qəhrəmanlara, şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər ifa ediblər.
Qeyd edək ki, İntiqam Əsgərli 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində anadan olub. O, 1997-2008-ci illərdə S.Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirən İ.Əsgərli 2014-cü il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlayıb.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan İntiqam Əsgərli Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına şəhid olub. “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan İntiqam Əsgərliyə "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.
Masallı şəhərinin mərkəzi küçələrindən biri İntiqam Əsgərlinin adını daşıyır.
İntiqam Əsgərli ailəli idi, iki övladı - Nur və İntiqam ondan yadigar qalıb...