May ayında üzüm bağlarında görülməli işlər – fermerlərə tövsiyə
Gəncə, 5 may, AZƏRTAC
May ayı üzümçülükdə ən məsuliyyətli dövrlərdən biri hesab olunur. Bu dövrdə görülən aqrotexniki tədbirlər gələcək məhsuldarlığın əsasını təşkil edir. Mütəxəssislər bildirirlər ki, yazın əvvəlindən başlanmış işlərin vaxtında və düzgün davam etdirilməsi məhsulun keyfiyyətinə birbaşa təsir göstərir.
Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, aprel ayında başlanmış işlər mayda tamamlanmalı, üzümlüklərdə torpaq becərilməsi davam etdirilməlidir. Xüsusilə, cərgələrarası torpağın yumşaldılması, alaq otlarının məhv edilməsi və torpağın havalandırılması vacibdir. Bununla yanaşı, üzümlüklərə gübrə verilməsi və zərərvericilərə qarşı profilaktik tədbirlərin görülməsi də davam etdirilir.
May ayında əsas diqqət yaşıl əməliyyatlara yönəldilir. Tənəklərin ətrafında və gövdəsində əmələ gələn əlavə zoğlar 3–5 santimetr uzunluğa çatdıqda qoparılmalıdır. Bu, bitkinin qida maddələrini daha səmərəli istifadə etməsinə imkan yaradır. Təxminən 10 gün sonra ikinci dəfə qoparma aparılaraq artıq və zəif zoğlar təmizlənir.
“Çiçəkləmə dövrünə yaxınlaşdıqca məhsuldarlığın artırılması üçün əlavə tədbirlər görülür. Çiçəklərin tökülməsinin qarşısını almaq məqsədilə zoğların uclarının qoparılması tövsiyə olunur. Eyni zamanda salxımlarda seyrəltmə aparılaraq daha keyfiyyətli və iri gilələrin formalaşmasına şərait yaradılır. Bitkilərin sağlamlığının qorunması da may ayında prioritet məsələlərdəndir. “Mildiyo” kimi xəstəliklərə qarşı bordo mayesi və ya digər müasir preparatlarla çiləmə aparılmalıdır. İlk çiləmə zoğlarda 4–5 yarpaq əmələ gələndə həyata keçirilməsi daha effektiv hesab olunur. Zərərvericilərə qarşı isə uyğun dərman preparatlarından istifadə edilməli, suvarma ilə birlikdə kompleks mübarizə tədbirləri görülməlidir”, – deyə mütəxəssis bildirib.
Eyni zamanda, yaz aylarında şaxta riski olan ərazilərdə fermerlər ehtiyat tədbirləri görməlidirlər. Belə hallarda tüstüləmə üsulundan istifadə edilərək bitkilər qorunur. Üzümlüklərin suvarılması isə torpaq və iqlim şəraitindən asılı olaraq mütəmadi davam etdirilməlidir.
Xəstəliklərə qarşı mübarizədə zədələnmiş tənəklərin vaxtında təmizlənməsi və dezinfeksiya olunması mühüm əhəmiyyət daşıyır. Bakterial xəstəliklər zamanı zədələnmiş hissələr kəsilərək xüsusi məhlullarla işlənməlidir.
“Bir sözlə, may ayında üzüm bağlarında aparılan düzgün və vaxtında aqrotexniki tədbirlər yüksək və keyfiyyətli məhsulun əldə olunmasının əsas şərtidir. Fermerlərə tövsiyə olunur ki, bu dövrdə bağlara xüsusi diqqət ayırsın, hər bir əməliyyatı aqronomik qaydalara uyğun şəkildə həyata keçirsinlər”, - deyə Sevil Abduləliyeva əlavə edib.
Müxbir - Elcan Məmmədov