Mayın 17-də Milli Məclisin növbəti iclası keçiriləcəkdir
Bakı, 16 may (AZƏRTAC). Mayın 17-də Milli Məclisin növbəti iclası keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, iclasda iki beynəlxalq sənəd - “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” və “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında” sazişlər təsdiqlənəcəkdir.
İclasda “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna, Milli Məclisin 1994-cü il 29 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanununun tətbiqi haqqında Əsasnamə”yə, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”yə, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual, Vergi, İnzibati Prosessual, Əmək və Ailə məcəllələrinə dəyişikliklər ediləcəkdir.
Milli Məclis iqtisadi sahəyə aid olan qanunları da təkmilləşdirəcəkdir. Belə ki, “İcra məmurları haqqında”, “Banklar haqqında”, “İpoteka haqqında”, “İnzibati icraat haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlara da yenidən baxılacaqdır.
Mədəniyyət sahəsindəki boşluqların aradan qaldırılması məqsədi ilə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna da dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə isə “Dövlət qulluğu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər ediləcək, “Sosial xidmət haqqında” qanun layihəsinə birinci oxunuşda münasibət bildiriləcəkdir.