MDB DÖVLƏTLƏRİ ÜÇÜN MUZEY İDARƏETMƏSİ SAHƏSİNDƏ TRENİNQ KEÇİRİLMİŞDİR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin muzey işi sektoruna istinadla xəbər verir ki, YUNESKO-nun Moskva bürosunun və İKOM-un Rusiya Milli Komitəsinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində MDB dövlətləri üçün muzey idarəetməsi sahəsində treninq keçirilmişdir.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Muzey işi sektorunun aparıcı məsləhətçisi Mehin Vahabovanın və Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin də iştirak etdikləri tədbirin məqsədi muzeylərin idarəedilməsi imkanlarının artırılması, muzey işçilərinə müasir menecmentin öyrədilməsi, MDB dövlətlərinin muzey işçiləri arasında əlaqələrin möhkəmləndirilməsi və s. idi.
Treninq Dövlət Ermitajında, Rusiya Etnoqrafik Muzeyində, Rus Muzeyində və Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyində (Kunstkamera) keçirilmişdir. 6 gün ərzində 40 mühazirə dinlənilmiş və praktiki məşğələlər keçilmişdir. İştirakçılar 4 iri muzeyin ekspozisiyaları, fondları, mühafizə sistemləri ilə tanış olmuş, müxtəlif sərgilərə baxmış, regionlararası tərəfdaşlıq üzrə təcrübə toplamış, tamaşaçıların qəbulu və onlara xidmət, kolleksiyaların uçotu və sənədləşdirilməsi işləri, həmçinin müxtəlif muzeylərin idarəedilməsi qaydaları ilə tanış olmuşlar.
Treninqin proqramı YUNESKO tərəfindən işlənilmiş «Muzeylərin idarə edilməsi» adlı metodiki vəsait əsasında hazırlanmışdır. Bu vəsait 2004-cü ildən dünyanın bir sıra ölkələrində muzey işinin öyrənilməsi üçün dərslik və sorğu kitabçası kimi istifadə edilmiş, muzey işi mütəxəssislərinin təhsil kurslarında xüsusi yer tutmuşdur.
Treninqdə müasir muzey işinin bir sıra sahələri və aspektləri, o cümlədən professional etika problemləri, təhlükəsizliyin təmin edilməsi, muzey sənədləşməsinin inkişaf istiqamətləri, elmi təsvir, kolleksiyaların mühafizəsi və konservasiyası məsələləri üzrə ətraflı müzakirələr aparılmışdır. İştirakçılar təhsil proqramının hazırlanması və aprobasiyasını öyrənmiş, milli treninqlərin keçirilməsi ilə bağlı təkliflər vermiş, muzey təhsilinin inkişafı və perspektivləri barədə fikir mübadiləsi aparmışlar. Onlar əmin olduqlarını bildirmişlər ki, bu treninq MDB ölkələri muzeylərinin inkişafı və əməkdaşlığı üçün böyük zəmin yaradacaqdır.
Sankt-Peterburq treninqi materiallarının elektron variantının buraxılması nəzərdə tutulmuşdur. Bu, rusdilli nəşrlərlə yanaşı, milli proqramların hazırlanmasında və ixtisasartırma kurslarında istifadə ediləcəkdir.