MDB ölkələrində səhiyyənin rəqəmsal formata çevrilməsi üçün model qanun layihəsi hazırlanıb
Bakı, 16 dekabr, AZƏRTAC
Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri “Rəqəmsal səhiyyə haqqında” model qanun layihəsi hazırlayıblar. Layihənin məqsədi MDB ölkələrinin milli qanunvericiliyini vahid formata gətirməkdir. Bu, Birlik üzvü olan bütün ölkələr üçün vahid rəqəmsal məkan yaratmağa imkan verəcək.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, yeni qanun layihəsində “səhiyyənin rəqəmsal transformasiyası”, “rəqəmsal səhiyyə” və “səhiyyənin rəqəmsallaşdırılması” anlayışları tətbiq edilir. Bu normativ akt elektron sənəd dövriyyəsi, teletəbabət və süni intellekt metodlarının tətbiqi kimi sahələrdə yaranan münasibətləri tənzimləyəcək.
Model qanun layihəsi milli qanunvericiliklərin əsasını təşkil edə bilər. Seçenov Universitetinin Rəqəmsal Təbabət İnstitutunun direktoru Georgi Lebedevin sözlərinə görə, “səhiyyə sahəsində ortaq rəqəmsal məkan süni intellekt sistemlərinin yaradılması üçün zəruri olan tibbi məlumatların, informasiya topluları və digər mühüm informasiyanın transmilli mübadiləsini təmin edəcək”.
Beləliklə, model qanun Birliyin iştirakçısı olan dövlətlərin səhiyyə sistemlərini müasir qarşılıqlı fəaliyyət normaları əsasında birləşdirəcək. Bu qaydalar həm dövlətdaxili, həm də beynəlxalq və dövlətlərarası səviyyələrə şamil ediləcək.
Georgi Lebedevin sözlərinə görə, vahid qanunvericilik prinsipləri təsdiq ediləndən sonra MDB ölkələri rəqəmsal təbabət sahəsində asanlıqla qarşılıqlı əlaqə saxlaya biləcəklər.
G.Lebedev model qanunun razılaşdırılmış versiyasını MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan haqları Daimi Komissiyasının iclasında təqdim edib. O, qanun layihəsinin strukturu, layihə ilə bağlı təkliflər və iradlar üzərində iş barədə söhbət açıb, Daimi Komissiyanın üzvləri olan deputatların suallarına cavab verib. Model qanun MDB Parlamentlərarası Assambleyasının yaxın vaxtlarda keçiriləcək sessiyasında təsdiq edilmək üçün təqdim olunacaq.