MDB terror təhlükələrinə qarşı mübarizə səylərini fəallaşdırır
Minsk, 22 yanvar, AZƏRTAC
Yanvarın 27-28-də Minskdə, MDB İcraiyyə Komitəsində terrorizmə və ekstremizmin digər zorakılıq hallarına, habelə onların maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya mübadiləsi haqqında sazişin layihəsinin razılaşdırılmasına dair ekspert qrupunun iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat veriblər.
Sənəd bu sahədə dövlətlərarası əməkdaşlığı daha da möhkəmləndirmək, onun səmərəliliyini artırmaq məqsədi ilə hazırlanıb.
Sazişin müddəaları ilə təmənnasız informasiya mübadiləsi, informasiya sistemlərinin, o cümlədən dövlətlərarası informasiya sistemlərinin hüquqi rejiminin yerinə yetirilməsinin təmin olunması, habelə məxfi məlumatın müvafiq müdafiəsi nəzərdə tutulur.
İnformasiya mübadiləsi səlahiyyətli orqanlar tərəfindən həyata keçiriləcək.
Gözlənildiyinə görə, MDB-nin iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin İxtisaslaşdırılmış Maliyyə Bankı (ATM İMB) terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə, habelə onların maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlətlərarası informasiya sistemi olacaq.
MDB ATM İMB-nin təşkili, istismarı və fəaliyyəti üzrə tədbirlərin əlaqələndirilməsi və zəruri məsləhətləşmələrin (danışıqların) keçirilməsi MDB ATM-yə həvalə ediləcək. Məhz MDB ATM Birliyin informasiya sistemlərinin təşkilinə və istifadəsinə məsul olan səlahiyyətli orqanlar və Birlik orqanları ilə birbaşa əlaqələr yaradacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk