Məcnun Məmmədov: Kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlayışı hadisəsi baş verib
Bakı, 4 noyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi üçün təhlükəsizlik məsələləri çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə keçirilən “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı bildirib.
Nazir deyib ki, işğaldan azad olunmuş ərazilərdə uzunluğu 2000 kilometr, sahəsi isə təxminən 4200 hektar olan səngərlər və istehkamlar qurulmuş, bu torpaqlar kəskin antropogen eroziyaya məruz qalmışdır. Yüksək səviyyədə mina və partlamamış silah-sursatla çirklənmiş əkin sahəsi təxminən 5 min hektardır.
Təhlükəsiz əmək şəraitini təmin etmək üçün kompleks tədbirlərin görülməsinin vacibliyini qeyd edən M.Məmmədov vurğulayıb ki, 2021-ci ildə 10 min hektar, 2022-ci ildə 50 min hektar, 2023-cü ildə isə 72 min hektar dövriyyəyə buraxılıb.
Mina və partlamamış silah-sursat ucbatından torpaqların kəskin eroziyaya məruz qaldığını diqqətə çatdıran M.Məmmədov deyib: “Bu ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, hadisələr qaçılmaz olur. ANAMA-nın məlumatına əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlayışı hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb, 7 nəfər isə həyatını itirib. Eyni zamanda, 6 ədəd kənd təsərrüfatı texnikası yararsız hala düşərək sıradan çıxıb”.