Məcnun Məmmədov: Naxçıvanda intensiv və superintensiv meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Şərur, 22 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının 2026-cı il üçün qərarı ilə Naxçıvan Muxtar Respublikası üzrə əkin, məhsul və toxum subsidiyalarına diferensial yanaşma tətbiq edilib, bir sıra subsidiya məbləğləri əhəmiyyətli dərəcədə artırılıb. Yeni qaydalara əsasən, müəyyən olunmuş texniki və aqrotexniki tələblərə cavab verən və 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək Naxçıvanda salınan bir sıra meyvə bağları üçün ölkədə tətbiq olunan ən yüksək birdəfəlik əkin subsidiyaları sırasında məbləğlər müəyyən edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, mühüm yeniliklərdən biri Naxçıvan Muxtar Respublikasında intensiv və superintensiv meyvə bağları üçün də subsidiya ödənişlərinin nəzərdə tutulmasıdır. Məsələn, göstərilən dövrdə salınmış intensiv armud bağları üzrə hər hektara 20 min manat, intensiv alma bağları üzrə isə hər hektara 21 min manat birdəfəlik əkin subsidiyası müəyyən edilib. Superintensiv bağlar üçün subsidiya məbləği daha yüksəkdir. Məsələn, superintensiv alma bağları üzrə hər hektara 32 min 200 AZN subsidiya nəzərdə tutulub ki, bu da bütün kateqoriyalar arasında ən yüksək subsidiya məbləğidir.
Müxbir – Nail Əsgərov