MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNDƏ ALMANİYA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirlə bağlı hazırlıq işlərini həyata keçirmək üçün Bakıya gəlmiş Almaniyanın “Dr.Qabriele Minz” firmasının icraçı direktoru Qabriele Mints ilə görüşmüşdür.
Əbülfəs Qarayev bildirmişdir ki, ölkələrimiz arasında mədəni əlaqələr yüksələn xətlə inkişaf edir. Almaniya nümayəndə heyətləri dəfələrlə Azərbaycana gəlmiş, xalqımızın mədəniyyəti ilə tanış olmuşlar. Avropanı mədəniyyətimizlə tanış etmək bizim üçün çox vacibdir. Bu il Vyanada Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası tamaşaya qoyulmuşdur. Tamaşada iki partiyanı Avstriya müğənniləri ifa etmişlər. Bu tamaşanı Almaniyada da göstərmək imkanı var.
Ə.Qarayev vurğulamışdır ki, almanlar Azərbaycan torpağında XIX əsrin əvvəllərindən yaşamağa başlamışlar. İlk alman köçkünləri və onların nəsli ölkəmizin inkişafına layiqli töhfə vermişlər. Sabah ölkəmizdə milli azlıqların folklor festivalı başlanacaqdır. Tədbirdə Azərbaycan almanları da iştirak edəcəklər.
Xanım Qabriele Mints bildirmişdir ki, Azərbaycana gəldikləri 4 gün ərzində nümayəndə heyətinin üzvləri çox yerdə olmuşlar. Azərbaycan Filarmoniyası, ifaçıların yüksək peşəkarlığı, xalça muzeyi, qədim muğam sənəti ona böyük təsir bağışlamışdır. O, əmin olduğunu bildirmişdir ki, Almaniyada Azərbaycan İli uğurla keçəcəkdir, çünki Azərbaycanın zəngin mədəniyyətinə heç kim laqeyd qala bilməz.