MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, iyunun 9-da Mədəniyyət və Turizm Nazirliyində “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçiriləcək beynəlxalq forumda iştirak etmək üçün Azərbaycana gəlmiş Mərakeş Krallığının mədəniyyət naziri xanım Turiyyə Cəbran mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin perspektivləri müzakirə edilmişdir.
Ə.Qarayev qeyd etmişdir ki, Mərakeş ilə Azərbaycan arasında mədəni əlaqələr üçün təməl var və indi bu təməli möhkəmlətmək lazımdır. Yeri gəlmişkən, gələn il Azərbaycanda Mərakeş mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Ə.Qarayev demişdir: “Zənnimcə, bu tədbir çox geniş miqyasda keçiriləcək və kifayət qədər maraqlı olacaqdır”.
T.Cəbran görüşü şərh edərək demişdir ki, hələ bir neçə gün Bakıda olacaq və bu müddətdə forumun işindən əlavə, ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi üçün ondan asılı olan hər şeyi edəcəkdir. Bununla əlaqədar o, ölkəmizin rəhbərliyinin bu məsələlərin həllinə maraqla yanaşmasını qeyd etmiş və əmin olduğunu bildirmişdir ki, gələcəkdə əməkdaşlıq daha da genişlənəcəkdir.