Mədəniyyət xadimləri dövlət başçısı ilə görüşdən Azərbaycan incəsənətinin gələcəyinə inamla ayrılıblar
Bakı, 5 mart, AZƏRTAC
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü ölkəmizin ictimai həyatında böyük əks-səda doğuran mühüm hadisələrdən biridir. Bu görüşdə iştirak edən bir insan kimi mən də böyük təəssüratlarla yaşayıram.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova deyib.
Qeyd edib ki, ölkəmizdə hər zaman mədəniyyət xadimlərinə, ziyalılara böyük diqqət və qayğı göstərilib. Bu cür görüşlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda da davam etdirilir. Dövlətimizin mədəniyyət və incəsənətin müxtəlif sahələrinin inkişafını diqqət mərkəzində saxlaması göz qabağındadır. Əsaslı təmir olunan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Bakı Musiqi Akademiyası, ADMİU-nun əsas binası, yeni inşa edilən Xalça Muzeyi, Azərbaycan Milli Konservatoriyasının binaları, mədəniyyət evləri, musiqi məktəbləri və s. bu diqqət və qayğının bariz nümunəsidir.
Ceyran Mahmudova deyib: “Dövlət başçısı tərəfindən mədəniyyət xadimlərinə verilən fəxri adlar, orden və mükafatlar, onların əməyinin qiymətləndirilməsi, maddi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, bu sahədə Heydər Əliyev Fondunun müxtəlif layihələri və Fond tərəfindən sənət adamlarının səhhətinə göstərilən böyük qayğı ziyalılar tərəfindən dərin minnətdarlıqla qarşılanır. Böyük fəxr və əminliklə demək olar ki, dünyanın heç bir ölkəsində incəsənət xadimləri bu cür diqqət və qayğı ilə əhatə olunmayıb. Həmin əlamətdar görüş də bu mənada vacib mərhələ kimi qeyd olunmalıdır. Tədbirin ümumilikdə səmimi, işgüzar ab-havası diqqət çəkməyə bilməzdi. Bu da ölkə rəhbərinin incəsənət xadimlərinə hörmətindən irəli gəlir. Mədəniyyət xadimləri görüşdən Azərbaycan incəsənətinin bu günündən məmnunluq hissi, gələcək inkişafına inam hissi ilə ayrılıblar. ADMİU-nun rektoru kimi universitetin tələbələri, gələcək mədəniyyət işçiləri adından dövlət başçısına tələbələrin təqaüdlərinin artırılması ilə bağlı müvafiq fərman və sərəncamlara görə minnətdarlığımı bildirirəm”.