“Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsi başa çatıb
Naxçıvan, 21 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində tələbələr üçün “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsi icra edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, həftə ərzində davam edən layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası istiqamətində məhkəmə-hüquq sistemində reallaşdırılan islahatlar barədə hüquqşünas tələbələri maarifləndirmək olub.
Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə həyata keçirilən layihə çərçivəsində gənclər öz seçimlərinə müvafiq olaraq Ali Məhkəmənin struktur bölmələri ilə tanış olub, məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında məlumatlandırılıblar.
Layihənin ikinci günü Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Polad Həsənov tərəfindən “Məhkəmə etikası, məhkəmədə davranış qaydaları” mövzusunda təlim keçirilib, mövzu ətrafında tələbələrin ünvanladıqları suallar cavablandırılıb, onları maraqlandıran məsələlərə dair geniş izahlar verilib.
Növbəti gün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fərman Abbasov tərəfindən “Məhkəmə-hüquq sistemində islahatlar” mövzusunda təlim keçirilib. Tələbələrə dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə geniş məlumatlar verilib, onları maraqlandıran suallar hakim tərəfindən cavablandırılıb.
Layihə çərçivəsində Ali Məhkəmənin əməkdaşı tərəfindən “Elektron məhkəmə” informasiya sistemi, ondan istifadə qaydaları, məhkəmələrə ərizə və şikayətlərin elektron məhkəmə informasiya sistemi ilə verilməsi” mövzusunda slaydların müşayiəti ilə əyani təqdimat baş tutub, təqdimat vasitəsilə layihə iştirakçıları “Elektron məhkəmə” informasiya sisteminin iş prinsipləri, sistemdən istifadə qaydaları, işlərə kağızsız elektron qaydada baxılmasının hüquqi əsasları barədə məlumatlandırılıblar. Həmçinin tələbələrin məhkəmə iclaslarında iştirakları təmin olunub.