Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 1 ton 737 kiloqram narkotik vasitə məhv edilib
Bakı, 21 may, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı ilə məhkəmələrin qərarları ilə müsadirə olunmuş 1 ton 737 kiloqram müxtəlif narkotik vasitə, psixotrop maddə və onların prekursorları mayın 19-da və 20-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.
İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotiklərin məhv olunması prosesində müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan Baş Prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndələri iştirak ediblər.
Ümumilikdə 591 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 737 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə - 909 kiloqram 985 qram heroin, 516 kiloqram 281 qram marixuana, 240 kiloqram 285 qram tiryək, 27 kiloqram 473 qram həşiş, 1 kiloqram 944 qram kokain, 40 kiloqram 312 qram - 18272 ədəd psixotrop maddə, o cümlədən 21190 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.