Mehriban Vəliyeva: Ənənəvi tədrisin bərpası üçün vaksinasiya prosesində fəal iştirak etmək vacibdir
Bakı, 20 avqust, AZƏRTAC
Müəllimlər, təhsil işçiləri yaxşı anlayır ki, vaksinasiya prosesində fəallıq təkcə ənənəvi tədrisin bərpası üçün deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün vacibdir. Bütün ehtimallar nəzərə alınarsa, sanitar-epidemioloji vəziyyətin dəyişmə riskləri qiymətləndirilərsə, təbii ki, vaksin olunmaq ənənəvi qaydada daha çox saatda dərs demək imkanı kimi səciyyələndirilə bilər.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. “Düşünürəm ki, müvafiq tədbirlər ümumi məqsədlərə xidmət etməklə yanaşı, həm də təhsilalanlar və təhsilverənlər üçün daha səmərəli tədris mühitinin yaradılmasına xidmət edəcək. Bizim üzərimizə düşən isə normal həyata qayıtmaq üçün vaksinasiya prosesində fəal iştirak etməkdir. Tədris ilinin başlanmasına qalan 20-25 gün ərzində ümid edirik ki, təhsil işçiləri arasında peyvənd olunanların sayı artacaq. Bu, həm ümumi işimizə, həm də sağlamlığımıza xidmət etmiş olacaq”, - deyə BŞTİ-nin müdiri bildirib.